Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Bilik günü” münasibətilə tədbirlər keçirildi.

16 sentyabr 2019 | 11:00

Ağdaşda “Bilik günü” münasibətilə tədbirlər keçirildi.

  16 sentyabr 2019-cu il tarixdə “Bilik günü” və yeni dərs ilinin başlanması münasibəti ilə rayonun  ümumtəhsil, peşə və orta ixtisas təhsili  müəssisələrində təntənəli tədbirlər qeyd olunmuşdur.
Son 16 ildə rayonda 22 yeni məktəb binası tikilmiş, 10 modul tipli məktəb binası quraşdırılmış, 7 məktəb əsaslı təmir olunmuşdur.
2019/2020-ci dərs ilinin başlanğıcı rayonun bir sıra  ümumtəhsil məktəblərində əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, yeni dərs ili ərəfəsində 624 şagird yerlik Nizami adına şəhər tam orta məktəbinin tədris korpusu əsaslı təmir olunmuşdur.
Malay, Binələr, Əmirmahmud, Bulaqotağı kənd ibtidai, Xınaxlı kənd ümumi orta məktəblərin şagird və pedaqoji kollektivləri yeni dərs ilini  cari ildə istifadəyə verilmiş, müasir tədris inventar və avadanlıqları ilə təchiz edilmiş modul tipli yeni məktəb binalarında  qarşılamışlar.
Hazırda “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Yenicə kəndində 440 şagird yerlik yeni məktəbin tikintisinə başlanılmışdır.
“Bilik günü” münasibətilə rayon mərkəzindən 46 km aralıda yerləşən un ən ucqar kəndlərdən biri olan Xınaxlı kəndində modul tipli yeni məktəb binasının açılış mərasimi  keçirilmişdir.
Keçirilən açılış mərasimində rayon rəhbərliyi, kənd ictimaiyyətinin nümayəndələri, valideynlər və təhsil işçiləri təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə ölkə  Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə etmiş, təhsilin inkişafına hərtərəfli dövlət dəstəyinə adekvat olaraq yeni dərs ilində yüksək tədris uğurlarının əldə edilməsi üçün səylərini daha da artıracaqlarını  bildirmişlər.
Bildirilmişdir ki, 2019-cu ildə rayonun tam orta məktəblərini bitirərək elektron ərizə ilə müraciət edən 642 nəfər məzunlardan 310 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında göstərdikləri nəticələrə əsasən tələbə adını qazanmışdır.
Onlardan 52 nəfəri qəbul imtahanlarında 500-700 bal intervalında nəticələr göstərmiş, 20 nəfəri isə 600-dən yuxarı bal toplamaqla respublikamızın ən nüfuzlu universitetlərinin tələbələri sırasına daxil olmuşdur.
Yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, məktəblərin sabiq məzunları, müharibə iştirakçıları və əmək veteranları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, müəllim, şagird və çoxsaylı valideynlər daxil olmaqla, minlərlə rayon sakinləri iştirak  etmişdir.
Qeyd edək ki, cari dərs ilində rayonun ümumtəhsil məktəblərində məktəbəqədər hazırlıq qrupları ilə birgə 15 674 nəfər şagirdin təhsilə cəlbi nəzərdə tutulmuşdur.

Keçidlər